Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) bəyanat yayıblar. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, həmsədrlər yanvarın 16-sı Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüblər və onların apardığı danışıqlara qatılıblar.
Yanvarın 16-sı Fransa paytaxtında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Zöhrab Mnasakanyankla görüşü keçirilib. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin müzakirə olunduğu görüşə Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də qatılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi bildirir ki, tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb: “Ardıcıl və nəticəyə yönəlmiş danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər”.
Həmsədrlərin bəyanatında qeyd edilir ki, danışıqların yekunları Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi Jan-Batist Lemuanla müzakirə olunub, həmçinin beynəlxalq vasitəçilər Fransa prezidenti Emmanuel Makronun müşavirlərini bu barədə məlumatlandırıblar.
Bəyanata görə, həmsədrlər nazirlərlə danışıqlar prosesinin əsas prinsip və parametrlərini, həmçinin danışıqlara güclü təkan vermək məqsədilə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək imkanlarını nəzərdən keçiriblər.
Həmsədrlər yaxın vaxtda hər iki ölkənin liderləri ilə görüşməyi planlaşdırır.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda həmsədr ölkələr, eləcə də Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də təmsil olunur.