Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mühacirətdə yaşayan rəhbəri Emin Hüseynov yanvarın 15-də “Turan” agentliyinə açıqlamasında deyib ki, həbsdə olan qardaşı Mehman Hüseynova ailə üzvləri Ofeliya Hüseynova ilə görüş verilməyib.
Ofeliya Hüseynova Emin və Mehmanın digər qardaşının həyat yoldaşıdır.
2014-cü ildə Emin Hüseynova qarşı qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. O, İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Bloqçu Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.
Emin Hüseynov “Turan”a açıqlamasında bildirib ki, atası Rafiq Hüseynov özünü pis hiss etdiyinə görə yanvarın 15-də istintaq təcridxanasında Mehmanla görüşə Ofeliya Hüseynova gedib. Lakin ona görüş verməyərək deyiblər ki, görüş ancaq ataya veriləcək.
Ofeliya Hüseynova sənədlərini, o cümlədən bloqçunun qardaşı ilə nikah sənədini, Mehmanın təcridxanadan onun telefon nömrəsinə zəng etməsinə dair sübutları təqdim etsə də, görüş alınmayıb.
Lakin təcridxana əməkdaşları Ofeliya Hüseynovanın Mehmana gətirdiyi geyimi və süd məhsullarını qəbul ediblər.