Ermənistan paytaxtı Yerevanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsində sabiq prezident Robert Köçəryanla bağlı vəsatətlərə baxış prosesi yanvarın 16-da yekunlaşıb. Novator.az-ın məlumatına görə, Xüsusi İstintaq Xidmətinin vəsatətində həbs müddətinin iki ay uzadılması, vəkillərin vəsatətində sabiq prezidentin pul girovu müqabilində azadlığa buraxılması xahiş olunur. Yekun qərar yanvarın 18-də çıxarılacaq.
Novator.az bildirir ki, Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana ötən il iyulun 26-da cinayət işi qaldırıb. O, bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar vermiş, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxmışdı. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib. Sabiq prezident Yerevandakı “Kentron” cinayət-icra müəssisəsində saxlanır.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə Ermənistanda bu iş üzrə istintaq yenilənib.
2008-ci ildə müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov məsuliyyətə cəlb olunaraq pul girovu müqabilində azadlığa buraxılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən geri çağırılıb.
2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olmuş general-polkovnik Mikael Arutunyan isə axtarışdadır. O, Rusiyanın paytaxtı Moskvada yaşayır.
1 mart 2018-ci il qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, 2008-2016-cı illərdə müdafiə naziri postunu tutmuş general-polkovnik Seyran Ohanyana da ittiham irəli sürülüb. Seyran Ohanyandan Ermənistanı tərk etməmək iltizamı alınıb.