Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunu və idarə edilməsini təkmilləşdirməyə fərman verib. Yanvarın 15-də imzalanan sənədlə Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir. Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədrliyi Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdirinə, müavinlik mədəniyyət nazirinə həvalə olunub. Quruma Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, maliyyə nazirinin müavini, təhsil nazirinin müavini və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi daxildir.
Novator.az-ın məlumatına görə, komissiya informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla kitabxana sisteminin yenidən qurulması; dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili; Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili; mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Ölkədə yeni kitabxana sistemi formalaşanadək Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar öz fəaliyyətini davam etdirəcək.
Nazirlər Kabineti bir ay müddətində Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ləğvinin təmin edilməsi ilə bağlı tədbirlər görməlidir.
Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlamalı, ləğv olunan qurumlarında işləyən işçilərin digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı iş aparmalıdır.