Dünya Bankı ötən ilin dekabr ayında Bakıda keçirilmiş “Azərbaycanda insan kapitalının inkişafı” forumunun yekunlarına dair təqdimatlar paylaşıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev həmin təqdimatlara diqqət çəkərək yazır ki, Azərbaycanda 5 yaşına qədər uşaq ölümünün səviyyəsi Rusiya və Gürcüstandan orta hesabla 2,5-3 dəfə yüksəkdir: “Eyni yüksək fərq 1 yaşa qədər uşaq ölümündə də qeydə alınır. Azərbaycan uşaqların ana südü ilə bəslənmə səviyyəsi üzrə Gürcüstandan az qala 5 dəfə geridir. Məktəbəqədər təhsil səviyyəsi 21% göstərilir, bu isə Avropa ölkələrinin göstəricisindən orta hesabla 3-4 dəfə aşağı rəqəmdir.
Təhsil xərclərinin ümumi daxili məhsulda payına görə MDB ölkələri içərisində ən aşağı göstəricilərdən (3%) birinə malikik. Ölkənin sərvətləri içərisində insan kapitalının xüsusi çəkisinə görə ən aşağı (14%), təbii sərvətlərin payına görə ən yüksək (47%) yerlərdən birindəyik.
Cibdən ödənən səhiyyə xərclərinin səviyyəsinə görə MDB məkanında yüksək yerlərdən birindəyik: bütün xərclərin 79%-i. Bu göstərici Gürcüstanda 57%, Ukraynada 48%-dir.
Müqayisəsi verilən 20-dən artıq ölkə içərisində büdcədən xərclənən sosial müdafiə xərclərinin ümumi daxili məhsulda payına (təxminən 8%) aşağı göstərcilərdən birinə sahibik”.