Yanvarın 15-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı ofisinin əməkdaşları 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edən məhbuslar İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadəyə baş çəkiblər. Bunu “Turan”a hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.
Oqtay Gülalıyevin bildirdiyinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məhbusların saxlanma şəraiti ilə tanış olublar və cəzaçəkmə müəssisəsi rəhbərliyindən aclıq edənlərin digər məhbuslardan ayrılmasını, həkim nəzarətinə götürülməsini, ailə üzvləri ilə ünsiyyətlərinə şərait yaradılmasını xahiş ediblər.
Gənc fəal İlkin Rüstəmzadə 2013-cü ilin mayından həbsdədir, 8 il həbs cəzası alıb.
Gənc fəal Bayram Məmmədov 2016-cı ilin mayından həbsdədir, 10 il həbs cəzası alıb.
Jurnalist Elçin İsmayıllı 2017-ci ilin fevralından həbsdədir. 9 il həbs cəzası alıb, sonradan cəzası 7 ilə endirilib.
Dini fəal Əhsən Nuruzadə 2017-ci ilin oktyabrından həbsdədir, 7 il həbs cəzası alıb.
Adıçəkilən məhbuslar ötən həftə birgə müraciət imzalayaraq aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Onların müraciətini yanvarın 13-də sosial şəbəkədə jurnalist Xədicə İsmayıl yayıb.
Müraciət müəllifləri ölkənin demokratik dünyadan hər gün bir az da uzaqlaşdığını, repressiyaların daha da artdığını vurğulayıb, bildiriblər ki, həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlanan, öz kulminasiyasını bloqçu Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasında göstərən bu proses Azərbaycanın artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir.
Müraciətdə deyilir ki, Qərb təşkilatları da Azərbaycan hakimiyyəti ilə əlbirdir: “Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və Qərbin gurultulu insan haqları şüarları ilə başlanan bütün kampaniyaları həmişə bizi rüsvayçı qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib”.
“Bu gün birlik göstərməsək, Mehman Hüseynovun başına gətirilənlər sabah hamımızı gözləyir” deyən müraciət müəllifləri adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən başqa şəxslərə də çağırış etməklə müddətsiz aclığa başladıqlarını bildirib, ölkənin zülmətə qərq olmasına, repressiyalara etiraz etdiklərini diqqətə çatdırıblar.
Bu müraciətdən sonra daha bir neçə məhbusun aclığa qoşulduğu barədə məlumatlar yayılıb.
Penitensiar Xidmət belə məlumatların hamısını təkzib edərək heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmədiyini açıqlayıb.
2019-cu ilin əvvəllərindən Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında Mehman Hüseynova və adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən başqa məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyası davam edir. Aksiyada siyasətçi Tofiq Yaqublu və başqa fəallar iştirak edirlər.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.