Həbsdə olan müsavatçı Azad Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bunu “Azadlıq” radiosuna vəkil Osman Kazımov deyib.
Osman Kazımov bildirib ki, o, yanvarın 13-də Bakı İstintaq Təcridxanasında müəssisənin rəisi Elnur İsmayılovla görüşüb. Sonra görüşdə Azad Həsənov da iştirak edib. Üçlükdə müzakirə aparıblar, yekunda Azad Həsənov aclıq aksiyasını dayandırıb.
Azad Həsənov aclıq aksiyasına başladığını yanvarın 9-da elan etmişdi. O bildirmişdi ki, həbsdə olan bloqçu Mehman Hüseynova dəstək vermək, həmçinin özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsi yaratmasına imkan yaradılmamasına etiraz etmək məqsədilə aclıq aksiyasına başlayır.
Osman Kazımovun sözlərinə görə, Azad Həsənovun işi üzrə məhkəmə prosesi yaxın günlərdə başlana bilər.
Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. O vaxtdan Litvada yaşayan Azad Həsənov 2018-ci il oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gəlib. Həmin gün Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. İttiham məhkəmədə sübuta yetirilərsə, onu əmlakı müsadirə edilməklə 5 ildən 12 ilədək həbs gözləyir.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.