Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-u paytaxtda mitinq keçirmək istəyir. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunun (metronun “İnşaatçılar” stansiyasının yanı ) və ya metronun “Ulduz” stansiyasının qarşısındakı meydanın ayrılması təklif olunub.
Azadliq.info-nun məlumatına görə, Milli Şuranın sədri Cəmil Həsənli saat 15-dən 17-dək keçirilməsi nəzərdə tutulan mitinqin başlıca tələbinin bloqçu Mehman Hüseynovun və başqa siyasi məhbusların azad edilməsi olduğunu bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 12-də eyni tələblə keçirmək istədiyi mitinqlə bağlı müraciəti mənfi cavablandırıb. Meriyadan partiyaya göndərilən cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun sayılmadığı vurğulanıb. Müsavat aksiyanı Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istəyirdi.
Yanvarın 3-də və 6-da Bakıda Mehman Hüseynova azadlıq tələbi ilə sanksiyalaşdırılmamış aksiyalar keçirilib.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
“Turan” xəbər verir ki, yanvarın 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini, Fransa, Niderland, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları Bakı İstintaq Təcridxanasında Mehman Hüseynova baş çəkiblər. Onların Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olduqları bildirilir.