Həbsdə olan gənc fəallar İlkin Rüstəmzadə, Bayram Məmmədov, jurnalist Elçin İsmayıllı və dini fəal Əhsən Nuruzadə birgə müraciət imzalayaraq aclıq aksiyasına başladıqlarını bəyan ediblər.
İlkin Rüstəmzadə 2013-cü ilin mayından həbsdədir, 8 il həbs cəzası alıb.
Bayram Məmmədov 2016-cı ilin mayından həbsdədir, 10 il həbs cəzası alıb.
Elçin İsmayıllı 2017-ci ilin fevralından həbsdədir. 9 il həbs cəzası alıb, sonradan cəzası 7 ilə endirilib.
Əhsən Nuruzadə 2017-ci ilin oktyabrından həbsdədir, 7 il həbs cəzası alıb.
Novator.az-ın məlumatına görə, onların müraciətini sosial şəbəkədə jurnalist Xədicə İsmayıl yayıb.
Müraciət müəllifləri ölkənin demokratik dünyadan hər gün bir az da uzaqlaşdığını, repressiyaların daha da artdığını vurğulayır, bildirirlər ki, həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlanan, öz kulminasiyasını bloqçu Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasında göstərən bu proses Azərbaycanın artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir.
Müraciətdə deyilir ki, Qərb təşkilatları da Azərbaycan hakimiyyəti ilə əlbirdir: “Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və Qərbin gurultulu insan haqları şüarları ilə başlanan bütün kampaniyaları həmişə bizi rüsvayçı qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib”.
“Bu gün birlik göstərməsək, Mehman Hüseynovun başına gətirilənlər sabah hamımızı gözləyir” deyən müraciət müəllifləri adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən başqa şəxslərə də çağırış etməklə müddətsiz aclığa başladıqlarını bildirir, ölkənin zülmətə qərq olmasına, repressiyalara etiraz etdiklərini diqqətə çatdırırlar.
Xədicə İsmayılın yaydığı məlumata görə, bu müraciətdən sonra daha üç məhbus – bloqçu Rəşad Ramazanov (2013-cü ilin mayından həbsdədir, 9 il həbs cəzası alıb), gənc fəal Qiyas İbrahimov (2016-cı ilin mayından həbsdədir, 10 il həbs cəzası alıb, sonradan cəzası 3 ay artırılıb) və jurnalist Fikrət Fərəməzoğlu (2017-ci ilin iyunundan həbsdədir, 7 il həbs cəzası alıb, sonradan cəzası 6 ilə endirilib) aclığa qoşulmaq niyyətini açıqlayıb.
Bundan bir qədər əvvəl – yanvarın 9-da müsavatçı Azad Həsənov Mehman Hüseynova dəstək vermək, həmçinin öz hüquqlarının pozulmasına etiraz etmək məqsədilə aclıq aksiyasına başladığını bəyan edib. Azad Həsənov 2018-ci il oktyabrın 10-da Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Külli miqdarda narkotik saxlamada ittiham olunan Azad Həsənovun hazırda istintaqı gedir.
Penitensiar Xidmət məhbusların aclıq aksiyasına başladığı haqda məlumatları təkzib edib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov yanvarın 14-də “Turan” agentliyinə deyib ki, heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.
2019-cu ilin əvvəllərindən Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyası davam edir. Aksiyada siyasətçi Tofiq Yaqublu və başqa fəallar iştirak edir.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.