Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 11 sentyabr iclasında 2018-ci ilin göstəricilərini açıqlayıb: “Hesabat dövründə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib, ixracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi 11 milyard 465 milyon ABŞ dolları olub.
2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlərlə 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Cari ildə gömrük orqanları 308 nəfəri cinayət məsuliyyətinə cəlb edib və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati tədbirlər görülüb.
Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Baş Prokurorluğa göndərilib”.