Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, nazir Elmar Məmmədyarov yanvarın 16-sı Parisdə və erməni həmkarı Zöhrab Mnasakanyankla görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin müzakirə olunacağı bildirilir.
Məlumata görə, görüşə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də qatılacaq.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda həmsədr ölkələr, eləcə də Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də təmsil olunur.