Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 11 sentyabr iclasında 2018-ci ilin dövlət büdcəsinin necə icra olunduğunu açıqlayıb: “2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat, təsdiq olunmuş proqnoza nisbətən 262 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951 milyon manat proqnoza qarşı faktiki olaraq 644 milyon manat az olub.
Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207 milyon manat, 2017-ci illə müqayisədə isə 378 milyon manat çox təşkil edib.
2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444 milyon manat çox icra olunub.
Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu, 2017-ci illə müqayisədə 825 milyon manat çoxdur.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib.
2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur.
Hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosial yönlü xərclərin payına düşür, bu da 2017-ci illə müqayisədə 506 milyon manat çoxdur”.