Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 11 sentyabr iclasında 2018-ci ilin nəticələrini açıqlayıb: “İnzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu sosial sığorta haqlarını 2017-ci ilə nisbətən 246 milyon manat çox yığaraq 2 milyard 332 milyon manata çatdırıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.
Ötən il fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiyanın məbləği isə 7,3 faiz çox olub.
Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib”.
Nazir əlavə edib ki, əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb, əsassız təyinatlar ləğv edilərək 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.
Sahil Babayevin sözlərinə görə, 2018-ci ildə Dövlət Məşğulluq Xidməti əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfəri işlə təmin edib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənib: “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb. Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb”.