Nazirlər Kabinetinin 11 yanvar iclasında çıxış edən prezident İlham Əliyev Qarabağ münaqişəsinə də toxunub: “Dağlıq Qarabağ münaqişəsinin həllində bizim mövqeyimiz dəyişməz qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb.
Danışıqların davam etdirilməsi prosesi başlanıb, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikir səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşüblər və danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.
Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və əhalinin azalması prosesi geniş vüsət alıb.
Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.
Biz dəfələrlə demişdik ki, Ermənistanda kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy veriblər. Axı bir vaxt hakimiyyəti qanunsuz zəbt etmiş dəstə son parlament seçkisində 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdi?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi.
Bu məsələ müvafiq beynəlxalq orqanlarda çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdır. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu olmasa, demək heç nə dəyişilmir. Əgər bu olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlardan səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sərkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar öz günahını yumaq istəyirlərsə, qoy etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var.
Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax budur Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil.
Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var – Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.