2019-cu ilin tapşırıqları
- 12 Yanvar 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
“İdarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 11 sentyabr iclasında 2019-cu ilin planlarından danışarkən belə deyib.
Büdcənin böyük dərəcədə artdığını vurğulayan dövlət başçısı keçən il dürüstləşmə aparılaraq həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrasına əlavə vəsait ayrıldığını qeyd edib: “Bütün bunlar nəyə görə mümkün oldu? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaq. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik.
Vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərliyin kobud səhvləri ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar.
Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır.
Eyni zamanda sosial sahədə çox ciddi islahatlar aparılır. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək”.
İnfrastrukturla bağlı layihələrə toxunan prezident deyib: “Bu il “Şimal-2” yeni böyük elektrik stansiyasının istifadəyə verilməsi gözlənir. Bu stansiya 400 meqavat enerji istehsal edəcək. İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik, hətta böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının işə salınması mühüm hadisə olacaq.
Bununla bərabər keçən ilin ikinci yarısından başlayaraq – o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu sahədə də çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik. Ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib. Bu məqsədlər üçün keçən il vəsait ayrılıb. Ancaq mövcud enerji qurğularımızı təmir edərək, onlara düzgün xidmət göstərərək yeni stansiyalar tikmədən enerji istehsalını ən azı 500 meqavat artıra bilərik. Bu, çox böyük rəqəmdir. Gücü 400 meqavat olan “Şimal-2” stansiyasının işə salınması ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə malik ola bilərik. Bu, əlbəttə ki, ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Çünki keçən il biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə etmişik, bu vəsait xəzinəyə daxil olub.
Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir. Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcək”.
İlham Əliyev kənd təsərrüfatı sahəsində də çox ciddi islahatlar aparıldığını qeyd edib: “Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcək. Özümüzü təminetmə əmsalı artacaq, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik.
Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir. Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın. Çünki subsidiyaların verilməsində də böyük pozuntular olub. Bəzi hallarda subsidiyalar ünvana çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlətin güzəştli şərtlərlə alması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır”.
Prezident deyib ki, əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazırdır və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur: “Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada mümkündür, maksimum dərəcədə öz imkanlarımızdan istifadə etməliyik ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.