Siyasi Məhbusları Müdafiə Mərkəzi yanvarın 10-da Musavat Partiyasının mərkəzi qərargahında toplantı keçirib.
Toplantıda həbsdə olan ictimai-siyasi fəalların, Qobustan həbsxanasında saxlanan, 2015-ci ilin noyabrında hüquq mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı tutulmuş və uzun müddətə azadlıqdan məhrum olunmuş şəxslərin, barəsində yeni cinayət işləri qaldırılan məhbusların, o cümlədən bloqçu Mehman Hüseynovun üzləşdiyi problemlərdən danışılıb.
Tədbirdə Siyasi Məhbusları Müdafiə Mərkəzinin təmsilçiləri Oqtay Gülalıyev, Mehman Əliyev, Əvəz Zeynallı, Zümrüd Yağmur, Müsavat Partiyasının başqanı Arif Hacılı, “Nardaran işi”nə görə həbs olunan Abbas Hüseynovun anası Rəhimə Hüseynova və başqaları iştirak və çıxış ediblər.
Azadliq.org-un məlumatına görə, Oqtay Gülalıyev bildirib ki, son vaxtlar siyasi məhbus kimi tanınan şəxlərə artan təzyiqlər, bloqçu Mehman Hüseynovun ətrafında baş verənlər beynəlxalq ictimaiyyət arasında da əks-səda doğurub (Mehman Hüseynov 2017-ci ilin martından həbsdədir. 2 illik həbs cəzasının başa çatmasına az qalmış – 2018-ci ilin sonlarında ona yeni cinayət işi açılıb. Bloqçu buna etiraz olaraq aclıq aksiyası keçirib. Hazırda ikinci iş üzrə istintaq gedir).
Oqtay Gülalıyevin sözlərinə görə, Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyət hazırda heç vaxt olmadığı qədər ağırdır.
Arif Hacılı deyib ki, Mehman Hüseynovla bağlı baş verənlər Azərbaycandakı müxalif siyasi qüvvələri son 10-15 ildə heç vaxt olmadığı qədər sıx işləməyə, birgə əməkdaşlığa vadar edib: “Hazırda da siyasi partiyalar arasında məsləhətləşmələr aparılır. İnanıram ki, bizim bu cür sıx əməkdaşlığımız, birgə fəaliyyətimiz uğurla nəticələnəcək. Siyasi məhbus probleminin həlli, söz və ifadə azadlığının təmin olunması və başqa fundamental hüquqların bərpasıyla bağlı istədiklərimizə nail olacağıq”.
Zümrüd Yağmur vurğulayıb ki, əslində ölkədə siyasi mübarizə yox, istiqlal savaşı gedir.
Rəhimə Hüseynova Qobustan həbsxanasında oğlu Abbas Hüseynovun, ilahiyyatçı Taleh Bağırovun və “Nardaran işi”nə görə tutulmuş digər şəxslərin üzləşdiyi problemlərdən danışıb (“Nardaran işi”nə görə onlarla adam həbsdə yatır, Abbas Hüseynov və Taleh Bağırovun hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib).
Məhbuslara işgəncə verildiyini iddia edən Rəhimə Hüseynova deyib: “Bilmirik aclığımızın, həbsxanaya aparılacaq yeməyin dərdini çəkək, yoxsa balalarımıza verilən işgəncənin…”
Toplantının sonunda eyni gündə doğulmuş iki məhbusun – jurnalist Əfqan Muxtarlının və AXCP üzvü Fuad Əhmədlinin ad günü qeyd olunub.
Əfqan Muxtarlı 2017-ci ilin may ayından həbsdədir, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fuad Əhmədli 2016-cı ilin avqustundan həbsdədir, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusun olduğu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət isə həbsdəki şəxslərə işgəncə verildiyi barədə iddiaları rədd edir.