Ermənistanın Xüsusi İstintaq Xidmətinin sabiq müdafiə naziri Seyran Ohanyana 1 mart 2008-ci il qırğını ilə bağlı ittiham irəli sürüldüyü xəbəri yayılıb. Novator.az-ın məlumatına görə, News.am saytı Seyran Ohanyandan Ermənistanı tərk etməmək iltizamı alındığını bildirir.
Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1988-ci ilə qədər Almaniya Demokratik Respublikasında xidmət edib. Həmin il Zaqafqaziya Hərbi Dairəsinə keçirilib. 1992-ci ilin aprelinə qədər Xankəndidəki motoatıcı alayda xidmət edən Seyran Ohanyan sonra separatçı ordunun sıralarına qoşulub. Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir.
1999-cu il avqustun 2-dən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub. 2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-2016-cı illərdə müdafiə naziri postlarını tutub. General-polkovnikdir.
1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Köçəryan hazırda bu iş üzrə həbsdədir.
2008-ci ildə müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov məsuliyyətə cəlb olunaraq pul girovu müqabilində azadlığa buraxılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən geri çağırılıb.
2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olmuş general-polkovnik Mikael Arutunyan isə axtarışdadır. O, Rusiyanın paytaxtı Moskvada yaşayır.
2008-ci il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkisində baş nazir Serj Sərkisyan qalib elan edilib. Müxalif namizəd, birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci ilin aprelində Serj Sərkisyan baş nazir kürsüsünə gətirilib, ancaq xalq etirazlarına görə istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.
Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.
Şamaxılı erməni general axtarışa verildi
Köçəryan istintaqı məntiqsizlikdə günahlandırdı
Yuri Xaçaturova da iş qaldırıldı
Köçəryanın ölkədən çıxması yasaqlandı
Moskvadan Yerevana növbəti təzyiq
Erməni generalın postdan getməsi müzakirə olunub