Yanvarın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin işi üzrə hazırlıq iclası keçirilib.
Mustafa Hacıbəyli dövlət əleyhinə çağırışlarda, vəzifə səlahiyyətlərini aşmaqda və vəzifə saxtakarlığında ittiham olunur. İttihamları 2018-ci il noyabrın 30-da Bakı Şəhər Prokurorluğu irəli sürüb. Dekabr ayının sonunda Mustafa Hacıbəyli polis nəzarətinə götürülüb.
Hazırlıq iclasında Mustafa Hacıbəyli və onun vəkili Osman Kazımov cinayət işinin əsassız olduğunu bildirərək işə xitam verilməsi barədə vəsatət qaldırıblar.
Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
İş üzrə məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.
Hazırlıq iclasını müşahidə edənlər arasında ictimaiyyət nümayəndələri, siyasətçilər, ABŞ Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri də olub.
Ötən il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq 2018-ci il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada Bastainfo.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. Bastainfo.com saytını 2015-ci ildə yaradıb.
Mustafa Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır.