Prezident İlham Əliyev innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsinə sərəncam verib. Novator.az-ın məlumatına görə, yanvarın 10-da imzalanan sənədlə mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, prezidentin, habelə onun müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (koordinasiya subyektləri) bu tapşırıqları alıb:
– elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin etmək;
– innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində vəziyyət barədə məlumatları bir ay müddətində Prezident Administrasiyasına təqdim etmək;
– innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarım illik məlumatları hər il yanvarın 15-dək və iyulun 15-dək Prezident Administrasiyasına təqdim etmək;
– işçilərinin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görmək.
Prezident Administrasiyasına koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etmək; müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlamaq tapşırılıb.
Nazirlər Kabineti üç ay müddətində koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələri istisna olmaqla) idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olmasının təmin edilməsinə dair və onların illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı təkliflər hazırlamalı, qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydasını təsdiqləməlidir.
Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi ilə bağlı təklifləri hazırlamağa beş ay müddət qoyulub.