Yanvarın 11-i Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Rəsmi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, 2018-ci ildə 2 milyon 845 min 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb, bu da ölkəyə gələn əcnəbilərin sayında 6% artım olduğunu göstərir.
Xidmət rəisi diqqətə çatdırıb ki, hesabat dövründə 740 min 841əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: “İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 min 953 müraciət daxil olub. 41 min 30 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib.
Miqrasiya qanunvericiliyinin tələblərini pozulması ilə bağlı 19 min 210 qərar qəbul edilib. Miqrasiya qanunvericiliyinin tələbələrini pozan şəxslərin sayı 2017-ci illə müqayisədə 11% azalıb.
Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 min müraciət daxil olub. Xarici ölkələrdən 464 vətəndaşın Azərbaycana qaytarılması həyata keçirilib.
Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16% artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir”.