Ukraynanın Mərkəzi Seçki Komissiyası martın 31-də keçiriləcək prezident seçkisinə qatılan 5 nəfərin namizədliyini rəsmən qeydə alıb. Novator.az bildirir ki, yanvarın 9-na olan məlumata görə, seçkiyə buraxılan şəxslər bunlardır: sabiq ekologiya və təbii sərvətlər naziri İqor Şevçenko, Lvov şəhərinin meri, Samopomoş Partiyasının lideri Andrey Sadovıy, Ədalət Hərəkatı Partiyasının lideri Valentin Nalivayçenko, Sosial Demokrat Partiyasının lideri Sergey Kaplin və müstəqil namizəd Vitali Skotsik.
Seçki kampaniyası davam edir. 35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan və dövlət dilini bilən ölkə vətəndaşları prezidentliyə namizəd ola bilər. Prezidentliyə iddiaçılar 2,5 milyon qrivna (150 min manat) girov da qoymalıdır. Prezident seçilə və ya ikinci tura çıxa bilməyən şəxsin seçki girovu dövlət büdcəsinə köçürülür.
Namizədlərin irəli sürülməsi prosesi fevralın 3-də bitəcək.
Hazırda prezident postunu Pyotr Poroşenko tutur. O, 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib.