Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar Siyavuş Novruzov və Hikmət Babaoğlu “Trend”ə açıqlamalarında bloqçu Mehman Hüseynova yeni cinayət işinin açılması məsələsindən danışıblar.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib: “Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub.
Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu. Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımızı haqqında mənfi informasiya yaymaqdır”.
Siyavuş Novruzov qeyd edib ki, kim hansı əməli törədibsə, cəzasını almalıdır: “Mehman Hüseynov da cinayət törədib, eyni zamanda vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.
Siyavuş Novruzov vurğulayıb ki, antimilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər: “Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın “uşaqları”nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “Vaşinqton Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü”.
Siyavuş Novruzov daha sonra bildirib: “Antimilli şəbəkə və onların xaricdəki havadarları unutsalar da, dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin insan hüquqları komitəsinin, həmçinin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib: “Son günlər anti-Azərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və barəsində məhkəmə hökmü olan Mehman Hüseynov adlı şəxsi bu məqsədlə həmin süni gündəmə alət etməyə çalışırlar.
Əslində bu hay-küyün Mehman Hüseynovla heç bir əlaqəsi yoxdur. O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər bir daha onu növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bu yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur.
Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-Azərbaycan şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir halqasıdır”.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır: “Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırkı mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlublar isə milli dövlətçiliklərini itirəcəklər.
Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal layihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər.
Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı bu tipli manipulyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq anti-Azərbaycan mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq göstərmək mümkün deyil”.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.