Yanvarın 22-si Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hüquqşünas Yalçın İmanovun şikayəti üzrə proses başlayacaq. Novator.az-ın məlumatına görə, Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi istəyi ilə üz tutub. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Hüquqşünas əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ötən il oktyabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Buna Yalçın İmanovun Sumqayıtda yaşaması əsas gətirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Ötən il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. İlkin baxış zamanı Yalçın İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin olunmayıb, həmçinin Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.
Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Ancaq 2018-ci il aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsi Yalçın İmanovun şikayətini təmin etməyib.
Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıt Şəhər Məhkəməsində, yaxud Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmasını və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəyib. 2018-ci il sentyabrın 26-da Ali Məhkəmə şikayəti təmin etməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları qüvvədə saxlanıb.
Məhkəmələr onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edib, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. O, vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas olmadığını bildirir.
Yanvarın 8-də Novator.az-a danışan Yalçın İmanov Gəncə İnzibati-İqtisadi Məhkəməsində ötən ilin fevralında dayanmış prosesin haçandan davam edəcəyinin bilinmədiyini deyib: “Bu yaxınlarda məhkəməyə teleqram vurub prosesin nə vaxtdan davam edəcəyi ilə maraqlanmışam. Ancaq Gəncə İnzibati-İqtisadi Məhkəməsindən hər hansı bir cavab yoxdur. Ali Məhkəmənin 2018-ci il sentyabrın 26-da çıxardığı qərardan üç ay yarım keçir. Gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmağa ehtiyac yaranacağını nəzərə alsaq, Azərbaycan məhkəmələrində prosesin uzanması əlavə vaxt itkisidir”.