Bloqçu Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası davam edir. Novator.az bildirir ki, yanvarın 8-nə olan məlumata görə, Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçirilən aksiyaya siyasətçi Tofiq Yaqublu, fəallar Tofiq Məmmədov, Elşad İsrafilov, Yaşar Ferazi, Fuad Rəhimli, Fatimə Mövlamlı və Leyla Babayeva qoşulub.
Bir neçə nəfərin (Rövşən Nifalzadə, Mübariz Fətullayev, Nicat Abdulla) aksiyaçılara kənarda aclıq edərək dəstək verdiyi vurğulanır.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri onun dekabrın 26-dan aclıq aksiyası keçirdiyini bildirirlər. Penitensiar Xidmət bu xəbəri təkzib edir.