Azərbaycan qanunvericiliyi pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsini nəzərdə tutur. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu şərh yayaraq bildirir ki, Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-oktyabr ayları üzrə hesabatında nominal əməkhaqqının orta illik artım tempini 2,8 faiz göstərib: “Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda aylıq pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik,150 manat olanlar üçün 4 manat 50 qəpik, 180 manat olanlar üçün 5 manat 40 qəpik, 200 manat olanlar üçün 6 manat, 220 manat olanlar üçün 6 manat 60 qəpik, 250 manat olanlar üçün 7 manat 50 qəpik artım gözlənir.
Hesablamalar göstərir ki, aylıq artımla pensiyaçılar 300-500 qram mal əti və ya 200-300 qram kərə yağı ala biləcəklər”.
Dövlət Statistika Komitəsi 2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 5,7 faiz artdığını açıqlayıb. Ötən il yanvarın 1-dən pensiyalar bir o qədər artırılıb.