İşğalçı Dağlıq Qarabağ rejiminin sabiq başçısı Arkadi Qukasyan Ermənistanın News.am saytına müsahibə verib. Novator.az-ın məlumatına görə, həbsdə olan keçmiş prezident Robert Köçəryanla bağlı sualı cavablandıran Arkadi Qukasyan deyib ki, cinayət işinə hüquqi qiymət verə bilməz: “Kimin günahkar olub-olmamasına məhkəmə qərar verir. Nifrət, düşmənçilik, dözümsüzlük ədalət mühakiməsi ilə bir araya sığmır. Mən məhkəmənin Robert Köçəryan barədə qətimkan tədbirini dəyişəcəyinə və ədalətli mühakimənin təmin olunacağına ümid edirəm”.
Arkadi Qukasyan Robert Köçəryanın həyat yolunu tam qaralamaq cəhdlərinin olduğunu vurğulayıb: “Ən ağır dövrdə Qarabağın məsuliyyətini öz üzərinə götürmüş şəxs cılız hücumlara məruz qalır. Robert Köçəryanı sevməmək, tənqid etmək, ittiham etmək olar, amma onun aşkar xidmətlərini danmaq olmaz”.
1957-ci il təvəllüdlü Arkadi Qukasyan 1992-ci ildə separatçı rejimin parlamentinə seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə Dağlıq Qarabağ rejiminin “prezidenti” olub.
2009-2018-ci illərdə Arkadi Qukasyan Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi Dağlıq Qarabağa dair bəzi danışıqlarda iştirak edib.
Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana ötən il iyulun 26-da cinayət işi qaldırıb. Robert Köçəryan bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə 2018-ci il iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib. Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.
Vəkilləri vəsatət qaldıraraq sabiq prezidentin pul girovu ilə azadlığa buraxılmasını istəyirlər. Bu vəsatətə yanvarın 9-u paytaxt Yerevanda birinci instansiya məhkəməsi baxmalıdır.
Robert Köçəryan 1998-2008-ci illərdə dövlət başçısı olub. 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.