Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına baş çəkiblər.
Ombudsman Aparatının yanvarın 7-də yaydığı məlumata görə, qrupun üzvləri təcridxanada bloqçu Mehman Hüseynovu da qəbul ediblər.
Məlumatda deyilir ki, qrupun rəhbərinin və həkim üzvünün də iştirakı ilə keçirilən konfidensial qəbulda Mehman Hüseynovun müraciəti dinlənilib: “Onun qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.
Müşahidə nəticəsində məlum olub ki, Mehman Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.
Başçəkmə çərçivəsində Mehman Hüseynovun ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib”.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri onun dekabrın 26-dan aclıq aksiyası keçirdiyini bildirirlər. Penitensiar Xidmət bu xəbəri təkzib edib.
Bloqçunun vəkili Şəhla Hümbətova bu il yanvarın 4-də Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşəndən sonra “Amerikanın səsi”nə demişdi ki, Mehman Hüseynov ötən il dekabrın 28-də ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora, ombudsmana məlumat xarakterli müraciətlər edib: “Müraciətlərində yazıb ki, ona böhtan atılır, haqsızlığın qarşısı alınmasa quru aclığa başlayır, bunun məsuliyyəti isə onların üzərində qalır”.