Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində yeniliyi şərh edib. AZƏRTAC-ın məlumatına görə, nazirlik rəsmisi deyib ki, 2019-cu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanıb: “Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.
Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə ona elektron qaydada pensiya təyin olunacaq. 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında pensiya kapitalı qeydə alınıbsa, vətəndaşa 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Pensiya təyin edilənlərdən kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çoxdursa, onların faktiki stajı əsasında pensiya təyinatı həyata keçirilir”.
Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə bu barədə, həmçinin pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: “2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir”.
Çingiz Əliyevin verdiyi məlumata görə, yaşa görə müavinət təyin ediləcək on minlərlə vətəndaş pensiya sahəsində həyata keçirilən bu islahat tədbiri nəticəsində əmək pensiyası hüququna malik olacaq: “Yəni bu il təxminən 19,5 min nəfər şəxs onlara avtomatik şəkildə 25 il sosial sığorta stajı hesablanması nəticəsində yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Bu da yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçdikləri üçün onların gəlirlərində artım özünü göstərəcək”.
Nazirliyin rəsmisi onu da bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin pensiyaları hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, deputatlar və s. daxildir.