Müsavat Partiyası yanvarın 12-si Bakıda mitinq keçirmək barədə qərar qəbul edib.
Novator.az-ın məlumatına görə, partiyanın başqanı Arif Hacılı sosial şəbəkədə bildirib ki, aksiyada bloqçu Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələb olunacaq.
Arif Hacılı mitinqin saat 15-də başlanacağını söyləsə də, aksiyanın yeri barədə hələ açıqlama verməyib.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mehman Hüseynov hazırda Bakı İstintaq Təcridxanasında saxlanır. Müdafiəçiləri onun aclıq aksiyası keçirdiyini bildirir, Penitensiar Xidmət isə bunu təkzib edir.
Yanvarın 3-də və 6-da Bakıda Mehman Hüseynova azadlıq tələbi ilə sanksiyalaşdırılmamış aksiyalar keçirilib.