Yanvarın 6-da bloqçu Mehman Hüseynova azadlıq şüarı ilə aksiya keçirməyə cəhd edən şəxslərdən bir neçəsi məhkəmə önünə çıxarılıb.
Aksiyaya cəhd Bakı Apellyasiya Məhkəməsinin qarşısında olmuşdu. Tutulan fəallar Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə aparılmışdı.
Yanvarın 7-də Yasamal Rayon Məhkəməsi onlardan Mete Türksoya 25, Qoşqar Əhmədova 20, İsmayıl İslamoğluna 20 sutka inzibati həbs cəzası verib. Bəxtiyar Məmmədov, Orxan Məmmədov və Elçin Rəhimzadənin hər biri 400 manat, Yaşar Xaspoladov isə 450 manat cərimələnib.
Azadliq.org-un məlumatına görə, adıçəkilən şəxslər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli biliniblər.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri onun dekabrın 26-dan aclıq aksiyası keçirdiyini bildirirlər. Penitensiar Xidmət bu xəbəri təkzib edir.
Mehman Hüseynova azadlıq tələbi ilə yanvarın 3-də də Bakıda sanksiyalaşdırlmamış aksiya olub. Həmin aksiyaya görə Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov 22 sutka, “Kanal 13” internet televiziyasının müxbiri Nurlan Qəhrəmanovun, AXCP üzvləri Elimxan Ağayev və Səxavət Nəbiyevin hər biri 21 sutka inzibati həbs cəzası alıb. Fatimə Mövlamlı və Pərvin Abuşovanın hər biri 300 manat, Mətanət Mahmarzayeva və Fərid Abdinovun hər biri 400 manat cərimələnib. Bu qərarlar Nizami Rayon Məhkəməsində, İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinə əsasən çıxarılıb.