Yanvarın 6-da bir qrup fəal Bakı Apellyasiya Məhkəməsinin qarşısında bloqçu Mehman Hüseynova azadlıq şüarı ilə aksiya keçirməyə cəhd edib. “Amerikanın səsi” xəbər verir ki, fəallardan Mete Türksoy, Elçin Rəhimzadə, İsmayıl İslamoğlu, Yaşar Xaspoladov, Qoşqar Əhmədov və daha bir nəfər tutularaq Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə aparılıb.
Bloqçu Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Hüseynov aclıq aksiyası keçirir.
Yanvarın 3-ü Bakıda, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçirilən piketə polis müdaxilə edib, bir neçə nəfər tutulub. Aksiya keçirənlərdən dörd nəfərinə inzibati həbs cəzası verilib. Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov 22 sutka, “Kanal 13” internet televiziyasının müxbiri Nurlan Qəhrəmanovun, AXCP üzvləri Elimxan Ağayev və Səxavət Nəbiyevin hər biri 21 sutka inzibati həbs cəzası alıb.
Onlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli biliniblər.
Həbs qərarları Nizami Rayon Məhkəməsində çıxarılıb.
Məhkəmə aksiyanın daha dörd iştirakçısını cərimələyib. Fatimə Mövlamlı və Pərvin Abuşovanın hər biri 300 manat, Mətanət Mahmarzayeva və Fərid Abdinovun hər biri 400 manat cərimələnib.