2018-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 37 hərbi qulluqçu itirib. İtkilərin 6-sı döyüş, 31-i qeyri döyüş itkisidir. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu belə hesabat yayıb.
Məlumata görə, Silahlı Qüvvələrin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan bölmələrinin açdığı atəşdən həlak olub.
6 nəfərin avtomobil qəzasında, 4 nəfərin başqa bədbəxt hadisədə dünyasını dəyişdiyi bildirilir.
5 nəfərin xəstəlikdən, 4 nəfərin əsgər yoldaşının açdığı atəşdən öldüyü, 2 nəfərin mina partlayışında həlak olduğu vurğulanır.
Hesabata əsasən, 2 hərbçi intihar edib, 8 nəfərin isə ölümünün səbəbi bilinmir.
Dünyasını dəyişənlərin 25 nəfərinin əsgər, 5 nəfərinin zabit, 4 nəfərinin gizir, 3 nəfərinin müddətdən artıq hərbi xidmət qulluqçusu olduğu qeyd edilir.
32 nəfər Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfər Hərbi Prokurorluğun hərbi qulluqçusu olub.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu onu da bildirir ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin 45 hərbi qulluqçusu dünyasını dəyişib. İtkilərin 7-si döyüş, 38-i qeyri-döyüş itkisidir. Ölənlərin 35-i əsgər, 7-si müqaviləli hərbi qulluqçu, 3-ü zabit olub.