Yanvarın 3-ü Bakıda, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə piket keçirilib. “Amerikanın səsi” xəbər verir ki, polis aksiyaya müdaxilə edib, bir neçə nəfər tutularaq Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb.
Fəallar Sevinc Vaqifqızı, Gülnarə Akifqızı, Yeganə Əliyeva, Dilarə Miriyeva şifahi xəbərdarlıqla bölmədən, Fatimə Mövlamlı, Məlahət Yaqubova və Pərvin Abuşova isə Nizami Rayon Məhkəməsində xəbərdarlıq edilərək buraxılıblar.
Yanvarın 4-də Nizami Rayon Məhkəməsinin tutulan başqa şəxslər – Əfqan Sadıqov, Fərid Abdinov, Nurlan Qəhrəmanov, Elimxan Ağayev, Səxavət Nəbiyevlə bağlı qərar çıxaracağı gözlənir.
Dilarə Miriyeva “Amerikanın səsi”nə bildirib ki, Mehman Hüseynovun yeni cinayət işində zərərçəkmiş kimi tanınan 14 saylı Cəzaçəkmə Müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında aksiya keçirmək istəyiblər: “Onun anasının xəstə olduğunu öyrəndik. Əli Abdalovun anasını incitməmək qərarına gəldik və aksiyanı evin yaxınlığında, metronun “Neftçilər” stansiyasının qarşısında keçirdik”.
Bloqçu Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mehman Hüseynov ona yeni cinayət işi açılandan bir gün sonra evlərinə zəng edəndə 14 saylı Cəzaçəkmə Müəssisəsində 10 günlüyə karserə (cərimə kamerasına) salındığını, təzyiqə məruz qaldığını söyləyib. Mehman yeni cinayət işinə etiraz olaraq istintaqa ifadə verməkdən imtina etdiyini və aclıq aksiyasına başladığını da bildirib.
Mehman Hüseynov hazırda Bakı İstintaq Təcridxanasında saxlanır. Rəsmi məlumatlarda onun aclığı dayandırdığı vurğulanır.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Belə məhbuslar arasında jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı, hüquqçu Əliabbas Rüstəmov, siyasətçilər Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əlikram Xurşidov, gənc fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, sabiq səhiyyə naziri Əli İnsanov və başqaları göstərilir.