Məhbus bloqçu Mehman Hüseynov vəkili ilə görüşündə aclıq aksiyasını davam etdirdiyini söyləyib.
Vəkil Şəhla Hümbətova Mehman Hüseynovla yanvarın 4-də Bakı İstintaq Təcridxanasında görüşüb.
2 ilə yaxındır həbsdə olan Mehman Hüseynov cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına onun barəsində yeni cinayət işi açılandan az sonra köçürülüb.
Suraxanı Rayon Məhkəməsinin 2017-ci il martın 3-də çıxardığı hökmə əsasən polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinən və 2 il müddətinə azadlıqdan məhrum olunan bloqçu Mehman Hüseynov barəsində yeni cinayət işi 2018-ci il dekabrın 26-da açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, dekabrın 26-sı 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mehman Hüseynov ona yeni cinayət işi açılandan bir gün sonra evlərinə zəng edəndə 14 saylı Cəzaçəkmə Müəssisəsində karserə (cərimə kamerasına) salındığını, təzyiqə məruz qaldığını söyləyib. Mehman yeni cinayət işinə etiraz olaraq istintaqa ifadə verməkdən imtina etdiyini və aclıq aksiyasına başladığını da bildirib.
Yanvarın 4-ü Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla keçirdiyi görüşdən sonra vəkil Şəhla Hümbətova “Amerikanın səsi”nə deyib ki, bloqçu çox zəifləyib, aclıqdan səhhətində problemlər baş qaldırıb, xaricdə yaşayan qardaşı Emin Hüseynovun və təcridxanada onu müayinə edən həkimin təkidi ilə son günlər az-az su içməyə başlayıb, amma hələ də yemək yemir, aclıq aksiyasını davam etdirir.
Şəhla Hümbətovanın sözlərinə görə, Mehman Hüseynov aclığı dayandırmayacağını bildirib: “Dedi ki, aclığı davam etdirəcək. Bu onun mübarizəsidir. Mehman bildirdi ki, ittiham böhtandır, haqsızlıq aradan qaldırılana qədər aclığı davam etdirəcək. Haqsızlıq aradan qaldırılmasa aclığı ölənəcən davam etdirəcəyini dedi. Bildirdi ki, haqsızlığa qarşı mübarizə qurban tələb edir, belə başa düşür ki, bu halların qarşısını almaq üçün qurban onun həyatı olmalıdır. Ona görə o, artıq öz həyatından keçməyə hazırdır”.
Vəkilin bildirdiyinə görə, Mehman Hüseynov ötən il dekabrın 28-də ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora, ombudsmana məlumat xarakterli müraciətlər edib: “Müraciətlərində yazıb ki, ona böhtan atılır, haqsızlığın qarşısı alınmasa quru aclığa başlayır, bunun məsuliyyəti isə onların üzərində qalır. Lakin bu günədək Mehmanın müraciətlərinə cavab verilməyib. Ombudsman da ona baş çəkməyib. Mehmanı yalnız təcridxana rəhbərliyi nəzarətə götürüb, həkim ayrılıb, onu hər gün həkim yoxlayır”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azadliq.org-a açıqlamasında vəkil Şəhla Hümbətovanın söylədiklərini təkzib edib. Mehman Sadıqov deyib: “Mənim bildiyimə görə, Mehman su da qəbul edir, qida da. O adam aclıq eləmir. Əgər səhhətində problem varsa, təbii ki, bizim həkimlər dərhal müdaxilə edəcəklər”.
Mehman Hüseynovun 26 yaşı var. Onun böyük qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynova qarşı 2014-cü ildə qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.