Rusiyanın “Qazprom” şirkəti 2019-cu il yanvarın 1-dən Ermənistana ixrac etdiyi qazın qiymətini 1000 kubmetr üçün 150 dollardan 165 dollara qaldırıb.
Novator.az-ın məlumatına görə, Ermənistan baş nazirinin sözçüsü Armen Yeqoyan bəyan edib ki, qiymət artımı istehlakçılara təsir göstərməyəcək. O, əhaliyə satılan qazın qiymətinin sabit qalacağını, 15 dollarlıq qiymət artımının “Qazprom”un Ermənistandakı törəmə şirkətinin xərclərini azaltmaq hesabına kompensasiya olunacağını bildirib.
Hazırda Ermənistanda ayda 10 min kubmetrdən az təbii qaz işlədən istehlakçılar hər kubmetr üçün 28 sent ödəyirlər. Ayda 10 min kubmetrdən çox qaz işlədən abonentlər üçün ödəniş hər kubmetr üçün 24 sentdir.
Aztəminatlı 120 min ailə isə hər kubmetr üçün 16 sent ödəyir.
Azərbaycanda təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik (6 sent), illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpikdir (12 sent).