İqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində şərh yayıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2019-cu ilin iqtisadi proqnozlarında ən çox istinad olunan mənbə neftin qiymətindəki dəyişikliklərdir: “Azərbaycan iqtisadiyyatının dünya bazarından asılılığı son illər azalmaq əvəzinə yenə artmağa başlayıb. Qeyri-neft sektoruna güvənən dayanıqlı iqtisadiyyatın qurulmaması 2019-cu ildə xarici şokların rolunu daha da yüksəldib. 2015-ci ilin ikiqat devalvasiyasından sonra investorların və istehlakçıların etimadını tam itirmiş manata azacıq inam yarandığı indiki ərəfədə nəzərlər yenidən neftin qiymətinə dikilib.
2019-cu il üçün proqnoz vermək isə çətindir. Çünki tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənlik var. Beynəlxalq Dəniz Təşkilatının dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblərinə, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının hasilatı azalmaq qərarına, ABŞ-ın İran neftinin istehlakçıları üçün sanksiyalarına necə əməl olunacağı ilə yanaşı Venesuelada hasilatın enməsinə, Liviyanın hasilat səviyyəsini saxlamaq qabiliyyətinə qədər çox amil neftin qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq.
Hesablamalar göstərir ki, istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olması məqbul deyil.
Lakin hazırda dünya neft bazarında bir barrelin qiyməti 55 dollardan ucuzdur. Bu o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil. Qiymət daha da düşərsə, onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər. Gəlirlərin formalaşması yalnız qiymətdən deyil, miqdardan da asılıdır. Rəsmi proqnozlara görə, bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq.
Beləliklə, 2019-cu ildə də Azərbaycan iqtisadiyyatında çox şey dünya bazarında neftin qiymətlərindən asılı olacaq. Təəssüf ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil, neft sektorundan, neft bölməsi də dünya bazarındakı şoklardan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə 2019-cu ildə iqtisadiyyatın idarə olunması risklərini artıracaq”.
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracının 81,6 faizi xam neft və xam neft məhsulları, 2,7 faizi neft məhsulları olub.
Yanvarın 3-də Azərbaycan nefti “AzəriLayt”ın barreli 57,19 dollara satılır. London birjasında brent markalı neftin barreli 54,33 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 45,65 dollara təklif olunur.
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Beynəlxalq razılaşmaya əsasən, 2019-cu ildə Azərbaycanın gündəlik neft hasilatı 763 min barrel olmalıdır.