Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarının yenilənmiş variantı normativ hüquqi aktların vahid internet elektron bazasında dərc olunub.
Novator.az bildirir ki, qəbul imtahanı qaydaları da yenilənib. Qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.
Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla ümumilikdə 85 tapşırıq təqdim edilir.
Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla cəmi 300 baldır.
Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır.
Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.
Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.
Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər.
Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.
Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla ümumilikdə 90 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 400 baldır.