Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər barədə arayış yayıb. Novator.az bildirir ki, arayışa görə, 2019-cu ildən pensiya hüququ yaranmış şəxslərin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılacaq: “Pensiya şəxsə onun pensiya hüququnun yarandığı gün təyin ediləcək və onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, təyin edilmiş pensiyanın məbləği, pensiyanı almaqdan ötrü ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmək barədə məlumat (SMS) göndəriləcək. Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmayacaq, ondan heç bir sənəd tələb edilməyəcək.
2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 1 iyul 2018-ci ilədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Həmin 25 illik stajın və eləcə də 2018-ci il iyulun 1-dək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunacaq. Vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, faktiki sosial sığorta stajı nəzərə alınacaq.
2021-ci ildən qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin sığorta stajı artıq 25 il deyil, 24 il; 2022-ci ildə 23 il; 2023-cü ildə 22 il hesablanacaq.
Əlillik qrupu müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan sığorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq.
Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı yanvarın 1-dək olan sığorta stajı da həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.
2019-cu ildə 19,5 min nəfərədək vətəndaşın yeni qaydada əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin 48 faiz artacağı, ümumilikdə təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacağı gözlənir.
Növbəti ildə əmək pensiyası hüququ yaranacaq şəxslərdən 30 faizinə isə pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılması şamil olunmayacaq. Həmin şəxslərin sırasına 2006-cı ildən 2018-ci il iyulun 1-dək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. kateqoriyadan olanlar daxildir. Lakin gələn il ərzində həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq”.