Calaq cəzalar
- 27 Dekabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Bloqçu Mehman Hüseynov həbsdə ola-ola barəsində yeni cinayət işi açılmış ilk məhbus deyil. Lakin o, azadlığa çıxmasına az qalmış, deməli, faktiki və hüquqi baxımdan azadlığa çıxmasına əngəl törədən yeni işlə üz-üzə qalmış bir neçə məhbusdan biridir. Media nümayəndələri arasında isə o, bu sayaq işə düşmüş ikinci məhbus sayıla bilər.
Novator.az Mehman Hüseynovun və daha bir neçə şəxsin həbs tarixçəsinə nəzər salıb.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Bu cəzanın başa çatmasına iki ay iki həftə qalmış, 2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Mehman Hüseynov Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə ittiham olunur. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məhbus jurnalistlər arasında məzmunca fərqli, mahiyyətcə oxşar işlə vaxtilə Eynulla Fətullayev də qarşılaşmışdı.
2007-ci ildə iki məhkəmə hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Eynulla Fətulayevin cəzasını 2010-cu ildə Ali Məhkəmənin Plenumu 2 il 3 aya endirsə də, jurnalist azadlığa çıxa bilməmişdi.
Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Tutulandan az sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində Eynulla Fətullayevin “Realnı Azerbaydjan” qəzetində ABŞ-ın İrana hərbi təcavüzü ehtimallarından bəhs edən yazısına görə Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə yeni cinayət işi başlanmış, istintaqın gedişində bunlara külli miqdarda vergidən yayınma (213.2.2-ci maddə) ittihamı da əlavə olunmuş, 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə jurnalisti 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
2010-cu il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayev haqda hökmlərlə bağlı şikayətlərə baxaraq jurnalisti azadlığa buraxmağa çağırmışdı. Nəticədə Ali Məhkəmənin Plenumu 2010-cu il noyabrın 11-də jurnalistin üzərindən bəzi ittihamları götürərək onun cəzasını 2 il 3 aya endirmişdi.
Lakin həmin 2 il 3 aylıq cəzanı çəksə də, Eynulla Fətullayev həbsdə qalmışdı. Çünki Avropa Məhkəməsinin çağırışından bir neçə ay qabaq – 2009-cu il dekabrın 29-da Eynulla Fətullayevə qarşı yeni cinayət işi başlanmışdı. Həmin gün saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində onun üzərindən narkotik vasitə tapıldığı bəyan olunmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə iş açılmışdı. Ali Məhkəmə Plenumunun qərarından bir neçə ay qabaq isə – 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi 234.1-ci maddə üzrə ittihamı təsdiqləyərək Eynulla Fətullayevə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsmişdi.
Eynulla Fətullayev yalnız 2011-ci il mayın 26-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxa bildi.
Sabiq səhiyyə naziri Əli İnsanov isə hələ azadlığa çıxa bilməyib.
Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Onun 11 illik həbs cəzası 2016-cı il oktyabrın 19-da başa çatıb. Lakin Əli İnsanov həmin gün azad olunmayıb. Çünki 2016-cı il avqustun 24-də ona qarşı yeni cinayət işi başlanıb və sabiq nazir haqqında həbs qətimkan tədbiri seçilib. Bildirilib ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib. 2017-ci il aprelin 26-da Qaradağ Rayon Məhkəməsi bu ittihamlar üzrə Əli İnsanovu təqsirli bilərək onu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib. Nəticədə Əli İnsanovun həbsi 2023-cü ilədək uzadılıb.
“Hicab məhbusu” adlanan Telman Şirəliyev də hələ həbsdədir. O, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. Həmin aksiyada polislə kəskin qarşıdurma olub, bir neçə nəfər, o cümlədən Telman Şirəliyev həbs olunub.
Aksiyada baş verənlər Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırılıb. İşə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə 2013-cü il iyunun 5-də Telman Şirəliyevi 6 il müddətinə azadlıqdan məhrum edib.
Ancaq azadlığa çıxmasına bir həftə qalmış cəzaçəkmə müəssisəsində Telman Şirəliyevin balışının altından biz tapıldığı açıqlanıb və ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) ilə yeni cinayət işi başlanıb. Bu işlə əlaqədar Telman Şirəliyev barəsində həbs qətimkan tədbiri seçilib, 2018-ci il dekabrın 20-də isə Xəzər Rayon Məhkəməsi onu 5 ay 18 gün müddətinə azadlıqdan məhrum edib.
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin azadlığa çıxmasına mane olan işə isə hazırda məhkəmədə baxılır.
Məmməd İbrahim 2015-ci ilin sentyabr ayının sonlarında həbs edilib. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum edib.
Həbs cəzasının başa çatmasına bir neçə gün qalmış, 2018-ci ilin sentyabr ayının son günlərində Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Suraxanı rayonunda yerləşir) karserə salınıb. Penitensiar Xidmət bəyan edib ki, karser cəzası axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına görə tətbiq olunub. Məmməd İbrahimə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (bu maddə cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutur) ilə cinayət işi açılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə onun barəsində həbs qətimkan tədbiri seçib. Bu səbəbdən Məmməd İbrahim 3 illik həbs cəzasını başa vursa da, azadlığa çıxa bilməyib.
Hazırda Suraxanı Rayon Məhkəməsində Məmməd İbrahimin məhkəməsi gedir. 317-2.1-ci maddədə maksimal sanksiya 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.