“Yeganə yol münaqişənin nizamlanması yoludur”
- 26 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Şərh
AZƏRTAC prezident İlham Əliyevin “Rossiya 24” telekanalına dekabrın 24-də verdiyi müsahibənin mətnini yayıb.
Dövlət başçısı müsahibədə 2018-ci ilin ölkə üçün uğurlu olduğunu deyib: “Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında konvensiya imzalanıb. Bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir.
İl bizim üçün ikitərəfli formatda fəal keçdi. Xeyli ikitərəfli görüş keçirmişik, beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində beynəlxalq forum keçirilib. Gələn il sammit keçiriləcək və Azərbaycan bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək.
Daxili-siyasi proseslər baxımından ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə, biz özümüzü qoruya bilirik”.
Prezident il ərzində ölkəyə 10 milyard dollar investisiya cəlb olunduğunu vurğulayıb: “Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar 5 dəfə artıqdır. Yəni istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik.
Makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələni həll etmişik. Bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün bu il ərzində kiçik şəhər tikilib”.
İlham Əliyev deyib ki, Azərbaycan hökuməti gələcək addımlarını planlaşdıranda qeyri-neft sektorunu neft sektorundan ayırır: “Çünki neft sektoru həm qiymət dəyişikliklərinə, həm də neft hasilatının müəyyən artımına, yaxud azalmasına məruz qalır. Azərbaycan OPEK+ proqramının fəal iştirakçısıdır və bu yaxınlarda bütün ölkələrlə həmrəylik nümayiş etdirmək üçün hasilatın azaldılması üzrə üzərimizə əlavə öhdəliklər götürmüşük. Buna görə də həmin amillərə əsaslanaraq həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. Fikrimcə, bu istiqamətdə də nəticələrimiz xeyli yaxşı olacaq. On bir ayın yekunlarına görə qeyri-neft sənayesinin artımını 9 faizdən çox həcmdə görürük. Bu ilk növbədə bizim qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq, fermerlər üçün sərfəli şərait yaradılması üzrə sənayeləşdirmə proqramımızın nəticələridir. Bizim fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Dövlət güzəştli şərtlərlə gübrə, yanacaq və istehsalata böyük subsidiyalar ayırır ki, biz kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm ölkəyə çevrilək. Buna görə də bizim iqtisadiyyatımızın gələcək inkişafı neft-qaz sektoru ilə dəstəklənəcək, lakin dayanıqlı inkişaf sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalarla bağlı olacaq”.
Rusiya ilə münasibətlərə toxunan dövlət başçısı deyib: “Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Mən prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları Azərbaycanın yüz milyon dollarla həcmdə sənaye layihələrini maliyyələşdirir. Bu, münasibətlərin, həm də Azərbaycanın məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var: “Üç mindən çox məktəbdə isə rus dili tədris olunur. Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var. Yəni bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir. Mən tez-tez, xüsusən yeni dərs ili ərəfəsində məktəblərdə oluram. Görürəm ki, rus dilində yeni şöbələr yaradılır və buna ehtiyac var. Əlbəttə, ölkənin hər bir vətəndaşı ilk növbədə öz dövlət dilini bilməlidir. Bu cəhətdən Azərbaycanda problem yoxdur. Dövlət dili Azərbaycan dilidir və bütün kargüzarlıq işləri Azərbaycan dilində aparılır. Belə də olmalıdır. Amma rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir. Bu gün mən görürəm ki, buna cəmiyyətdə necə tələbat var”.
Prezident 2019-cu ildə ölkənin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: “Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi qəbul olunub. O, həmişəki kimi sosial yönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək. Biz gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq.
Ümid edirik ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq. Bu ilin baharında Ermənistanda baş verən hadisələr status-kvonun saxlanması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı çoxdan pozulub. Bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq.
Biz öz siyasətimizin nəticələrini görürük. Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır. Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib. Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, zaman göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir”.