“Rossiya 24” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsini efirə tam həcmdə yox, ixtisarla verib.
Novator.az bildirir ki, “Rossiya-24”ün əməkdaşının prezident İlham Əliyevdən Bakıda götürdüyü müsahibə kanalda dekabrın 24-ü axşam yayılıb.
Azərbaycanın dövlət başçısı jurnalistin suallarını rus dilində cavablandırdığı üçün müsahibə efirə tərcümə olunmadan verilib.
Dekabrın 25-i axşam Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) həmin müsahibənin orijinal (rusca) və Azərbaycan dilinə tərcümə olunmuş mətnlərini dərc edib.
AZƏRTAC-ın yaydığı mətnləri “Rossiya 24”ün yaydığı video ilə müqayisə edən Novator.az saytı fərqi ortaya çıxarıb. Aydın olub ki, “Rossiya-24” kanalı Azərbaycan prezidentinin müsahibədə Ermənistanla bağlı söylədiyi bəzi fikirləri ixtisar edib.
Müsahibənin sonuna yaxın jurnalistin sualını cavablandırarkən prezident İlham Əliyev bu fikirləri də söyləyib: “Düşünürəm ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq.
Yəni biz öz siyasətimizin nəticələrini görürük. Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır”.
Lakin “Rossiya 24” telekanalı müsahibəni yayarkən bu hissəni tamamilə çıxarıb. Qeyd olunan hissənin kəsilib çıxarıldığı müsahibəni “Rossiya 24”ün efirində izləyəndə sezmək çətin deyil.
“Rossiya 24” Rusiya Federal Dövlət İnformasiya telekanalıdır. Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin tərkibinə daxildir. 2006-cı ilin iyulundan yayımlanır. Kanalın mərkəzi ofisi Moskva şəhərində yerləşir.