Xarici işlər naziri Elmar Məmmədyarovun 2018-ci ilin yekunlarına dair müsahibəsi yayılıb. Ermənistan-Azərbaycan münaqişəsindən danışan nazir deyib ki, ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə, bütün platformalarda səsləndirilib: “Münaqişə Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Hüquqi bazaya gəldikdə buraya ilk növbədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildəki 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamentinin qərar və qətnamələri, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.
Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməyib. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənim Ermənistanlı həmkarımla 3 görüşüm danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il dekabrın 6-da qəbul olunmuş birgə bəyanatında bildirilir ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz qalır.
Burada həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlmiş danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri bu yanaşmanı tam dəstəkləyir.
Bu ilin dekabrında keçirilən seçkidən sonra Ermənistanın hazırkı rəhbərliyi münaqişənin həlli istiqamətində siyasi iradə nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.
Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır. Bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu. Torpağı götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır”.
1988-ci ildə Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib.
1994-cü ilə qədər çəkən işğalçı müharibədə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçiriblər.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il qərarı Minsk şəhərində Dağlıq Qarabağa dair sülh konfransının çağırılmasını nəzərdə tutur. Bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.