Prezident: “Mövqeyimiz dəyişməz qalır”
- 25 Dekabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
“Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır”. Dekabrın 24-ü Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb: “Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.
Bu il bu istiqamətdə çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilib. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bu il bu məsələ ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilib. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub.
Bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb. Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim. Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatıb. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olub. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilib. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub doğma torpağında öz həyatlarını qururlar.
Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Çoxmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm. Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq.
Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində – iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedib, həmişəlik ölkəni tərk edib.
Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycanla münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir.
Biz isə öz gücümüzü, qüdrətimizi artırırıq. Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb. Xüsusilə aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistan ordusu haqqında yaradılan mif tamamilə darmadağın edildi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynadı.
Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq”.