Dekabrın 25-i Bakıda, Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında Azərbaycandakı ictimai-siyasi vəziyyətə və müxalifətin vəzifələrinə həsr olunmuş dəyirmi masa keçirilib.
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü və aparıcılığı ilə keçirilən toplantıda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əliyev, Ağ Partiyanın başqanı Tural Abbaslı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin, sabiq müdafiə naziri Rəhim Qazıyev, siyasətçi Nemət Pənahlı, jurnalistlər Əvəz Zeynallı, Sərdar Əlibəyli, Aydın Canıyev və başqaları iştirak ediblər.
Novator.az xəbər verir ki, dəyirmi masada müxalifət qüvvələrinin birliyinə çağırışlar səslənib. Gələn ilin yanvar ayının əvvəllərində bu məqsədlə partiya sədrlərinin toplanaraq təkliflər hazırlaması qərara alınıb.
Toplantı başa çatan kimi Xalq Partiyasının sədri Pənah Hüseyn dəyirmi masadakı çıxışının mətnini yayıb.
Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) dövlət katibi və baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Novator.az-ın məlumatına görə, Pənah Hüseyn 25 dekabr çıxışında qeyd edib ki, Azərbaycan siyasi rejim dəyişikliyi ərəfəsindədir: “Mövcud rejim 25 il ərzində ictimai legitimliyini əhəmiyyətli şəkildə itirib. Rejim nümayəndələrinə qarşı son dövrdə müşahidə etdiyimiz münasibətlər bunun göstəricisi sayıla bilər.
Rejimin iflasının və zəifləməsinin iqtisadi və siyasi mexanizmi mənfəətin və hakimiyyətin məhdud bir qrupun əlində ifrat şəkildə təmərküzləşməsində ifadə olunur.
Rejim dəyişikliyini zəruri və labüd edən əsas səbəbin ölkədə sülalə rejimi bərqərar etmək cəhdinin (kursunun, xəttinin) olduğu aydın görünür. Sülalə rejimi hakimiyyət daxilində artıq ciddi ziddiyyətlərə gətirib çıxarıb. Odur ki, sülalə rejiminin ləğvi tələbinin kütləvi protest hərəkətlərinin əsas şüarına çevrilməsi ehtimalı daha böyükdür.
Siyasi rejimin ictimai legitimliyinin zəifləməsi polis və digər repressiv güc strukturlarının effektivliyini azaldır və bu meyl getdikcə güclənəcək.
Bu dəyişikliyin nə vaxt, hansı il, ay, gündə baş verəcəyini söyləmək çətin məsələdir və ciddi olmazdı. Eynilə dəyişikliyin hansı formada, şüarlarla, hansı siyasi qüvvə və şəxslərin liderliyi ilə baş verəcəyini də dəqiq söyləmək çətindir. Lakin bu prosesin içində olduğumuzu sübut edən faktlar ortadır və əlamətləri günü-gündən artır.
Məhz belə bir şəraitdə də cəmiyyət illərdən bəri olduğu kimi müxalifətin birliyini tələb etməkdədir və bütün son dövrdəki uğusuzluqların əsas səbəbini bu birliyin olmamasında, uğurun şərtini isə belə bir birliyin yaranmasında (yaradılmasında) görür”.
Pənah Hüseyn deyib ki, siyasi müxalifətin birliyini, daha doğrusu, konkret, ideya, hədəf, hərəkətlərdə əməkdaşlığını faydalı hesab edir: “Lakin vəziyyətdən çıxışın müxalifət birliyindən keçdiyini düşünmürəm. Biz son 25 ildə dəfələrlə indi arzu olunan geniş tərkibli birliklər yaratmışıq, təşkilatlarda birləşmişik. Lakin bu birliklər, təşkilatlar həlledici nəticələr üçün yetərli olmayıb və bu dəfə başqa cür olacağını güman etmək üçün kifayət qədər inandırıcı dəlillər yoxdur.
Siyasi müxalifəti (siyasi partiyaları) birləşdirməkdən daha mühüm olanı siyasi partiyalardan kənarda olan müxalifət kütləsini təşkilatlandırıb hərəkətə gətirməkdir. Bunun üçün toparlayıcı və strateji hədəfi göstərən ideyaya (tələbə, şüara, məsələn, rejimin istefası tələbi), konkret kütləvi hərəkətlərə, məsələn, mitinqlərə və hərəkat tipli təşkilatlanmaya ehtiyac var.
Hazırkı situasiyada müxalifətin birliyi, hərəkatı, müxalifətin koalisiyası, konsolidasiyası və sair müxalifət termini ilə yaranan anlayışlardan daha çox indiki rejimə qarşı olan, bu rejimin aradan qalxmasını istəyən vətənpərvər və demokratik qüvvələrin hərəkatı ideyası daha aktual görünür. Yəni mən daha böyük hərəkat naminə hətta müxalifət terminindən imtinanı da nəzərdən keçirməyi təklif edirəm. Belə bir hərəkatın adı Qarabağ və Demokratiya Uğrunda Hərəkat, Demokratik, Vətənpərvər Qüvvələrin Milli Cəbhəsi və sair ola bilər”.