İqtisadçı ekspert, müxalif Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli “Facebook” səhifəsində yaydığı şərhdə ölkədə paralel strukturlar yaradılmasından gileylənib.
Novator.az-ın məlumatına görə, ekspert yazır ki, köhnə, ənənəvi dövlət-hökumət qurumları islaholunmaz səviyyədə korlanıb: “Paralel strukturların yaradılmasını o zaman alqışlamaq olardı ki, bu, ümumi strategiyanın tərkib hissəsi olardı, paralellik aradan qalxardı, yeni qurumlara verilən səlahiyyətlər köhnə strukturlardan alınardı. Amma bu baş vermir, çox təhlükəli “paralel dövlət” modeli qurulur. Qanunla pulsuz xidmət göstərməli olan dövlət-hökumət qurumları rüşvət çirkabına batıb deyə indi paralel publik qurumlar yaradıb həmin xidməti vətəndaşa rəsmən pulla göstərirlər”.
Natiq Cəfərlinin fikrincə, ənənəvi dövlət-hökumət qurumlarında çalışanlara rəsmi yüksək maaş vermək gücü və ya istəyi olmadığından hakimiyyət özünü maliyyələşdirən publik hüquqi şəxslər yaradıb işçilərə yüksək maaşı büdcədən deyil, vətəndaşdan yığılan pulla verməyi düşünür: “Nəticədə, məsələn, əvvəl məmurun cibinə pul ötürüb üç günə pasport alırdın, indi yenə həmin pulu ödəyib əvəzinə çek alırsan. Vətəndaş nə qədər verirdisə, bir o qədər də ödəyir.
Məhz bu səbəbə görə ASAN, ABAD, DOST kimi kreativ abreviaturalar düşünüb paralel strukturlar qurulur. İndi yeni bir kreativ ad fikirləşiblər – TƏBİB. Açması – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidir. Yeni yaradılan bu publik hüquqi şəxsə Səhiyyə Nazirliyinin, demək olar ki, bütün səlahiyyətlərini veriblər. İndi TƏBİB tam qanuni pullu xidmət göstərəcək, həkimin cibinə gedən TƏBİB-in kassasına girəcək. Nəticədə əhaliyə pullu tibb xidməti üçün hüquqi əsas yaranacaq.
Bir daha təkrar edirəm: bu addımlar strateji hədəflər üçün atılsaydı, dəstək görərdi. Yəni çıxıb desələr ki, Nazirlər Kabineti artıq atavizmdir, lazım deyil, ləğv ediləcək, sərt vertikala söykənən prezident respublikasında bu orqan lazım deyil, sonda birbaşa prezidentə tabe cəmi 5-6 nazirlik və bir neçə publik agentlik olacaq, bu da idarəetmədə yeni mərhələ açacaq – mən bu addımı alqışlayardım. Amma indi bu paralelliyi dövlət üçün problem, vətəndaş üçün isə əlavə maliyyə yükü kimi görürəm”.
Dekabrın 20-də prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. Sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə veriləcək.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.