Cinayət məsuliyyətinə cəlb olunmuş jurnalist Anar Məmmədov və vəkili Elçin Sadıqov ABŞ-ın Azərbaycandakı səfirliyində olublar.
Anar Məmmədov Criminal.az (eyni zamanda Criminalaz.com) saytının baş redaktorudur.
Prokurorluq orqanında ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürüb.
Dekabrın 20-si Anar Məmmədov və Elçin Sadıqov səfirliyin siyasi məsələlər üzrə müşaviri Kristinq Sinq və mətbuat katibi Nazan Consla görüşüblər.
Anar Məmmədov “Azadlıq” radiosuna deyib ki, görüşdə rəhbəri olduğu saytda yayılan məqalələrə görə ona qarşı açılmış cinayət işi barədə müzakirələr aparılıb. “Diplomatlarla Azərbaycanda mətbuat azadlığı, mənim dekabrın sonunda başlanacaq məhkəmə prosesim haqqında geniş söhbət etdik” deyən Anar Məmmədov görüşün təfərrüatına varmayıb.
Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
8 iyul açıqlamasında Criminalaz.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Anar Məmmədov Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.