Vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək yenilikləri şərh edib. ATV-nin suallarını cavablandıran nazir müavini deyib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8 min manata qədər artırılır: “Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqından gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq.
Bizim əmək bazarında çox ciddi problemlər var. Əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur. Bəs yerdə qalanlar? Əlbəttə, onların da böyük bir qismi işləyir və müəyyən məbləğdə gəlir əldə edir. Lakin onlar əmək bazarında rəsmi qeydiyyatda olmayan işçi kimi iştirak edirlər. Təbii ki, belə hallar iqtisadiyyatda ciddi problemlər yaradır. Təsəvvür edin ki, bir sahibkar fəaliyyətini normal qaydada qurur, şəffaf şəkildə işləyir və qanunun tələblərinə tam əməl edir. Digər sahibkar isə qanuna əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla həm onların gələcəkdə pensiya təminatı və digər məsələlərlə bağlı hüquqlarını pozur, həm də vergidən yayınır və başqa sahibkarlara nisbətən müəyyən üstünlüklər əldə etmiş olur. Belə bir şəraitdə sağlam rəqabətdən söhbət gedə bilərmi? Ona görə də bu gün dövlət vergi orqanı qarşısında vəzifə qoyur ki, qanunun tələblərinə əməl edən və şəffaf işləyən sahibkarın yanında olsun, ona kömək etsin. Şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar isə gec-tez öz qarşısında vergi müfəttişini görməlidir! Dövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs qanunun gücünü öz üzərində hiss etməlidir”.
Sahib Ələkbərov gələn ilin əvvəlindən tətbiqinə başlanacaq daha bir ciddi islahat – sadələşdirilmiş vergi dərəcələrinin aşağı salınması, bu vergi növünün əhatə dairəsinin məhdudlaşdırılması, habelə əlavə dəyər vergisinə (ƏDV) cəlb edilən dövriyyənin tədricən genişlənməsi məsələsinə də aydınlıq gətirib: “Hazırda ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 90 faizindən çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Vergi daxilolmalarında bu verginin xüsusi çəkisi isə 5 faizdən bir az çoxdur. Halbuki bir çox ölkələrdə bu göstərici 40 faiz civarındadır.
Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar. Bir sıra böyük müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə “parçalayaraq” sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir, digər vergiləri ödəməkdən yayınırlar. Üstəlik, onlar Bakıda fəaliyyət göstərsələr də, sadələşdirilmiş vergini 2 faizlə ödəmək üçün öz bizneslərini regionlarda qeydiyyatdan keçirirlər və bununla da vergi uçotu üçün ciddi problemlər yaradırlar. Bütün bunların qarşısının alınması məqsədilə Vergi Məcəlləsində zəruri dəyişikliklər edilib.
Sadələşdirilmiş vergi ləğv olunmayacaq. Lakin bəzi sahələr var ki, həmin fəaliyyət istiqamətləri üzrə iş qurmuş sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Məsələn, indiyədək dövriyyəsi kifayət qədər böyük olan bəzi sahibkarlar dövlətdən lisenziya aldığı halda sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirdilər. Amma gələn ildən belə olmayacaq. Məlum olduğu kimi, yalnız xüsusi nəzarət tələb edən sahələrə lisenziya verilir və bu lisenziyaların sayı çox azdır. Topdansatış ticarətlə, eləcə də qızıl məmulatlarının, xəz-dəri məhsullarının satışı və bəzi digər fəaliyyət növləri ilə məşğul olan sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər”.
Nağd hesablaşmaların səviyyəsinin azaldılması, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində həyata keçirilən islahatlarla bağlı sualı cavablandıran Sahib Ələkbərov bu sahədə də ciddi problemlər olduğunu bildirib: “Şəffaflaşmaya ən çox mane olan və əngəl törədən amillərdən biri nağdsız ödənişlərin səviyyəsinin həddindən artıq aşağı olmasıdır. Azərbaycan vətəndaşları xaricə gedərkən orada nağdsız qaydada, yəni kart vasitəsilə həyata keçirdikləri ödənişləri öz ölkəmizdə etmirlər. Bunun bir səbəbi ticarət və iaşə obyektlərində POS-terminalların tətbiqində problemlərin olması ilə bağlıdırsa, digər səbəbi də alıcıların öz haqlarını tələb etməməsi, köhnə vərdişlərə, kartlardan istifadəyə deyil, nağd pulla ödəniş etməyə üstünlük vermələridir. Azərbaycanda nağdsız ödənişlərin səviyyəsini qaldırmaq üçün bu sahədə ciddi dönüş yaradılmalıdır. Çünki dövriyyədəki məbləğlər çox böyükdür və bu, kölgə iqtisadiyyatının çiçəklənməsi üçün şərait yaradan amillərdən biridir.
Məcəlləyə edilmiş yeni dəyişikliklərdə bu sahədə ciddi stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Ümumi mövqe bundan ibarətdir ki, nağdsız hesablaşmadan həm alıcı, həm də satıcı – yəni sahibkar faydalana bilsin. Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında ƏDV-nin 10 faizi qaytarılacaq.
Sahibkara gəldikdə, onun ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın. Amma bu işə əngəl olan məsələlərdən biri də oturuşmuş vərdişlərdir ki, onlardan da imtina etməyin vaxtı çoxdan çatıb”.
Vergiler.az