Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz balıq ovu ilə bağlı xəbərdarlıq yayıb.
Novator.az-ın məlumatına görə, xəbərdarlıq mətnində deyilir:
“Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş dəniz sıfı, qaya balığlı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na düşmüş nərə, bölgə, uzunburun kimi balıq növləri Xəzər dənizinin qiymətli bioloji ehtiyatları sayılır. Azərbaycanın su hövzələrində bu balıq növlərinin ovlanması qanunvericiliklə qadağan edilib.
Qoyulan qadağalara baxmayaraq bəzən balıq ovu biletlərinin (kvota) tələbləri kobud surətdə pozulur, qaydalara məhəl qoyulmadan ovu qadağan olunmuş nərəkimilər və digər balıq növləri ovlanır. Bu cür hallara Xəzər dənizinin sahil sularında tez-tez rast gəlinir.
Bu günlərdə Xaçmaz rayonu Müqtədir qəsəbəsinin inzibati ərazisində keçirilən reyd zamanı 3 balıqçı qayığında ovu qadağan olunmuş nərəkimilər fəsiləsinə aid uzunluğu 35-60 santimetr, çəkiləri 500 qramdan 2,5 kiloqramadək olan 26 baş körpə balıq aşkar edilib. Faktlarla bağlı 10 brakonyer barəsində aktlar tərtib edilib, təbiətə vurulan 6600 manat məbləğində ziyan hesablanıb. Hazırda həmin şəxslərin məsuliyyətə cəlb olunmaları üçün tədbirlər görülür.
Təəssüf ki, balıqçılar təbiətə vurduqları zərərin fərqinə varmadan və məsuliyyəti dərk etmədən körpə nərə balıqlarını tutur, onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaradır, eyni zamanda digərlərinin də sayının azalmasına səbəb olurlar.
Nazirlər Kabinetinin qərarı ilə balıqların icazəsiz ovuna görə təbiətə dəyən ziyanın məbləği Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş bir baş balıq üçün 275 manat, bir baş bölgə 247,5 manat, ağ qızılbalıq, nərə, uzunburun balıqları üçün 220 manat təşkil edir.
Dövlət təbiət qoruqları və digər xüsusi mühafizə olunan təbiət ərazilərində icazəsiz ovlanmış su bioresursları üçün təbiətə dəymiş ziyana görə ödəmələr hər bir balıq növünə görə üçqat ölçüdə hesablanır.
Çəkisindən və ölçüsündən asılı olmayaraq ovu qadağan olunmuş 2 baş balığın icazəsiz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır.
Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, özü yeriyən və özü üzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə, qoruqların ərazisində və ya fövqəladə, yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildildiyi təqdirdə 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə də nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara, xüsusən də balıq ovu ilə məşğul olan şəxslərə tövsiyə və xəbərdarlıq edir ki, balıqların icazəsiz ovlanmasına, satışına və alışına son qoysunlar. Əks təqdirdə yaxın gələcəkdə bir çox nadir balıq növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi yaranar.
Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə və gələcək nəsillər üçün qorumağa çağırırıq”.