Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım sərəncamı imzalayıb. Dekabrın 19-da imzalanan sənədə əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənəcək. Bunun üçün 2018-ci ilin dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş hissəsindən 5 milyon manat ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.
Novator.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ilin 9 ayı üzrə hesabatına görə, oktyabrın 1-nə orta hesabla 50,2 min ailə (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib, hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənib.
Qaydalara əsasən, müraciətdən əvvəlki son 12 ay ərzində ailə üzvünün əmək qabiliyyətini itirməsi; əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; ailə üzvünün vəfat etməsi; ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; ailə üzvünün azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrin ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququ var.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiqlənib. 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində götürülür.