Ermənistan hökuməti ixtisar edilir. Novator.az-ın məlumatına görə, yeni parlamentə təqdim olunacaq qanun layihəsində baş nazirin müavini postlarını 3-dən 2-yə, nazirliklərin sayını 17-dən 12-yə endirmək niyyəti yer alır.
Hazırda hökumət baş nazirdən, baş nazirin üç müavinindən (biri birinci müavin), Xarici İşlər; Müdafiə; Diaspor; Ədliyyə; Fövqəladə Hallar; Maliyyə; İqtisadi İnkişaf və İnvestisiyalar; Kənd Təsərrüfatı; Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları; Enerji İnfrastrukturu və Təbii Sərvətlər; Əmək və Sosial Məsələlər; Ərazi İdarəçiliyi və İnkişafı; Səhiyyə; Mədəniyyət; Elm və Təhsil; Gənclər və İdman; Təbiəti Mühafizə nazirliklərindən ibarətdir.
Nəzərdə tutulan yeniliyə əsasən, baş nazirin birinci müavini vəzifəsi ixtisar olunacaq.
Diaspor Nazirliyinin ləğvi, qurumun funksiyalarının baş nazirin müavininə ötürülməsi planlaşdırılır.
İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyini İqtisadiyyat Nazirliyi adı altında birləşdirmək nəzərdə tutulur.
Layihəyə əsasən, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinə birləşdiriləcək.
Nəqliyyat, enerji və dövlət əmlakı məsələləri ilə məşğul olacaq İnfrastruktur və Dövlət Əmlakı Nazirliyinin yaradılması planı da var.
Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çevirmək nəzərdə tutulur.
Bu il mayın 8-dən Ermənistan hökumətinə Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan başçılıq edir. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku 70,4 faiz səslə qalib gəlib. Çiçəklənən Ermənistan Partiyası parlamentə 8,3 faiz səslə, İşıqlı Ermənistan Partiyası 6,3 faiz səslə düşüb.
“Mənim addımım” bloku 132 deputatdan ibarət yeni parlamentdə 88 mandatla təmsil ediləcək. Çiçəklənən Ermənistan Partiyası 26 mandat, İşıqlı Ermənistan Partiyası 18 mandat götürüb.